Fakttv.com

Həm Türkmənistanda, həm də Azərbaycanda biz nəqliyyat infrastrukturunun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla mətbuata bəyanatlarla çıxış edərkən deyib.

Dövlət başçısı qeyd edib:

“Hörmətli Qurbanqulu Məlikquliyeviç.

Hörmətli qonaqlar, xanımlar və cənablar.

Hörmətli Qurbanqulu Məlikquliyeviç, Sizi Azərbaycanda bir daha ürəkdən salamlayıram.

Sizin səfərinizə çox şadıq və əminik ki, bu səfər ölkələrimiz və xalqlarımız arasında dostluq, qardaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək. Xalqlarımız əsrlərboyu mehriban şəraitdə yaşayır, işləyir, bir-birini dəstəkləyir, bir-birinə kömək edirlər. Ölkələrimizin müstəqil dövlətlər kimi təşəkkülünün bütün mərhələlərində biz həmişə bir-birimizi dəstəkləmişik. Bu gün həmin dəstək həm ikitərəfli, həm də çoxtərəfli formatda, beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıqda hiss olunur. Fürsətdən istifadə edib Sizi və bütün qardaş türkmən xalqını Türkmənistanın bitərəfliyinin beynəlxalq aləmdə tanınmasının 25 illiyi münasibətilə təbrik etmək istərdim. Türkmənistan bu illər ərzində böyük və şərəfli inkişaf, quruculuq yolu keçib. Bu yol türkmən xalqı qarşısında böyük perspektivlər açıb və Türkmənistana dünyada böyük hörmət qazandırıb. Türkmənistanın bitərəf ölkə kimi bütün dünya birliyi tərəfindən tanınması və Sizin yürütdüyünüz fəaliyyət xətti türkmən xalqının, habelə Sizin dostlarınızın və tərəfdaşlarınızın ümidlərinə və mənafelərinə tamamilə uyğundur. Biz, qonşularınız və mehriban dostlarınız kimi Sizin uğurlarınıza həmişə sevinirik. Dəfələrlə Türkmənistanda olarkən həmişə ölkənizin çox sürətli, dinamik inkişafını görürəm. Bilirəm ki, dövlətinizin inkişafının bütün mərhələlərinə, o cümlədən şəhərsalma ilə bağlı məsələlərə Siz özünüz ciddi nəzarət edirsiniz. Keçən dəfə mən çox müasir idman qurğuları ilə də tanış olmaq imkanı əldə etdim. “Asiada”nın uğurla keçirilməsi münasibətilə Sizi təbrik etmək istərdim. Belə genişmiqyaslı idman yarışlarının keçirilməsi həm müasir infrastruktur, həm də təşkilatçıların peşəkarlığını, ustalığını tələb edir. Buna görə Sizi bu böyük beynəlxalq uğur münasibətilə bir daha səmimi qəlbdən təbrik etmək istərdim.

Aşqabadın müasirləşməsini və inkişafını Sizin gözəl ölkəyə səfər edən hər kəs görür. Bu gün qardaş Türkmənistanın gücü və müasirliyi bunda da əks olunur.

Bizim ikitərəfli münasibətlərə gəldikdə, bu gün biz qarşılıqlı fəaliyyətimizin geniş gündəliyini bir daha nəzərdən keçirdik. Əməkdaşlığımızın strateji inkişafına sadiq qaldığımızı təsdiq etdik və bu gün imzalanmış sənədlər onsuz da çox geniş olan müqavilə-hüquq bazasını tamamlayır. Mənim Türkmənistana rəsmi səfərim zamanı 20-dən çox, bu gün isə 20-yə yaxın sənəd imzalanıb. Bu, ölkələrimiz arasında imzalanmış bütün sənədlərin təxminən yarısı deməkdir. Bu, onu göstərir ki, son ilyarım ərzində biz müqavilə-hüquq bazasının möhkəmlənməsi baxımından çox böyük yol keçmişik.

İmzalanmış sənədlər arasında dövlət başçılarının Birgə Bəyanatını xüsusi qeyd etmək istərdim. Bu sənəddə bizim niyyətlərimiz, dünyada, regionda vəziyyətə verdiyimiz qiymət və gələcəyə istiqamətlənməyimiz öz əksini tapıb. Mən, həmçinin hesab edirəm ki, Birgə Bəyanatın mühüm bəndlərindən biri ölkələrimizin ərazi bütövlüyünün, sərhədlərinin və suverenliyinin toxunulmazlığının bir daha dəstəklənməsi, eləcə də münaqişələrin beynəlxalq hüququn prinsipləri və ərazi bütövlüyü, sərhədlərin və suverenliyin toxunulmazlığı prinsipləri əsasında həllidir.

Şadam ki, iqtisadi-ticari sahədə işlər yaxşı gedir, əmtəə dövriyyəsinin artımında yaxşı dinamika müşahidə olunur. Bu gün biz nəqliyyat-logistika sahəsi haqqında ətraflı söhbət etdik, müvafiq dövlət strukturlarına bu istiqamətdə işin intensivləşdirilməsinə, ölkələrimizin tranzit-nəqliyyat potensialının möhkəmləndirilməsinə dair səylərin əlaqələndirilməsi barədə tapşırıqlar verdik. Həm Türkmənistanda, həm də Azərbaycanda nəqliyyat infrastrukturuna çox böyük diqqət yetirildiyini nəzərə alaraq, biz bu infrastrukturun modernləşdirilməsi yolunda praktiki olaraq paralel addımlayırıq. Bu gün bizim əsas limanlarımız əlaqələndirilmiş, uzlaşdırılmış şəkildə işləyir və ərazilərimizdən keçən yükləri artırmağa imkan verir. Biz digər ölkələrə də öz tranzit potensialımızı təqdim edirik. Hesab edirəm ki, bu gün biz həmin potensialın möhkəmləndirilməsi barədə mühüm qərar qəbul etmişik. İnfrastruktur imkanlarının təmin edilməsi və yük axınının artırılmasına şərait yaradılması üçün əlavə tədbirlər görüləcək. Təbii ki, qonşularımızla sıx qarşılıqlı əlaqədə və xoş münasibətlərdə olduğumuza görə həmin dövlətlərdən daha çox yükgöndərənləri cəlb edəcəyik və mahiyyət etibarilə uzunluğu min kilometrlərlə ölçülən yeni nəqliyyat dəhlizi yaradacağıq. Beləliklə, ölkələrimizin daha da inkişaf etməsi üçün əlverişli şərait yaradacaq, regional əməkdaşlığı möhkəmləndirəcəyik.

Əlbəttə, biz enerji sektoru ilə bağlı məsələlər barədə də danışdıq. Burada da yaxşı nəticələr var, çoxdan əməkdaşlıq edirik. Biz bu istiqamətdə gələcək addımlar barədə də danışdıq. Xalqlarımızın etnik yaxınlığı, dillərimizin yaxınlığı, ortaq mədəniyyətimiz nəzərə alınmaqla, ölkələrimiz üçün humanitar əməkdaşlığın vacibliyini qeyd etdik.

Beləliklə, bugünkü görüşümüzün gündəliyi yetərincə məhsuldar olub. Ümumiyyətlə, biz çox fəal dialoq aparırıq. Keçən il prezidentlər həm Bakıda, həm də Aşqabadda görüşüblər. İnişil, qeyd etdiyim kimi, mənim rəsmi səfərim çox uğurlu olub. Mən qonaqpərvərliyə görə qardaş türkmən xalqına və Türkmənistan Prezidentinə bir daha təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, Türkmənistan Prezidentinin budəfəki rəsmi səfəri əlaqələrimizin möhkəmlənməsi işində daha bir mühüm addım olacaq.

Türkmənistandakı qardaşlarımıza gələcəkdə də inkişaf, uğur, sülh və firavanlıq arzu etmək istəyirəm. Diqqətinizə görə təşəkkür edirəm”.

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin