Dörd ildən bir təsadüf edilən 29 fevral tarixini Avropa Voleybol Konfederasiyası (CEV) “1DayMore4Volleyball” (Voleybol Üçün Daha Bir Gün) devizi ilə bayram edir.

“Report”un məlumatına görə, Azərbaycan Voleybol Federasiyası da bu gün münasibətilə festival keçirib. Ümummilli Lider Heydər Əliyevin məzarının ziyarət edilməsi ilə başlayan tədbir “Dərnəgül Voleybol Mərkəzi”ndə davam etdirilib.

Əvvəlcə voleybolçular meydanın mərkəzində sıraya düzülüblər. Daha sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Festivala Azərbaycan Respublikası Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti Faiq Qarayev, qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Şəfaqət Alışanova, Respublikanın əməkdar artisti Vasif Məhərrəmli və digər qonaqlar qatılıblar.

İ.İsmayılov iştirakçıları və qonaqları salamlayıb, Voleybol Günü münasibətilə hər kəsi təbrik edib. Voleybolun ölkədə populyar idman növü olduğunu söyləyən nazirlik rəsmisi bildirib ki, bu idman növünün əsasını Ümummilli Lider Heydər Əliyev qoyub: “Azərbaycanda voleybol sürətlə inkişaf edir. Əminəm ki, bu yüksəliş davam edəcək. Cənab prezident İlham Əliyevin siyasətinin nəticəsidir ki, bu gün ölkədə voleybol üçün hər bir şərait yaradılıb. Nəinki paytaxt Bakıda, regionlarda da böyük tədbirlər keçirilir. Hər il dünyanın 60-dək ən möhtəşəm idman tədbirləri Azərbaycanda təşkil olunur. Cənab Prezident İlham Əliyev tərəfindən idmana böyük diqqət var. Məhz bunun nəticəsidir ki, böyük tədbirlər bizim ölkədə keçirilir. Bu gün Azərbaycanda bu cür yarışlar ənənə halını alıb. İdmançılarımız etimadı doğruldurlar. Bütün idmançlarımıza uğurlar arzu edirəm”.

29 favralın Azərbaycan voleybolu üçün xüsusi gün olduğunu söyləyən F.Qarayev ölkədə bu idman növünün böyük tarixinin olduğunu vurğulayıb: “Bizim böyük idmançılarımız olub. Həyatda olmayanlara Allahdan rəhmət diləyirik. Voleybolumuzun bu yerə çatmasında onların böyük rolu var. Bu gün bütün insanlar çalışır ki, voleybol daha yüksək yerlərə qalxsın. Federasiyanın prezidenti adından hər kəsə təşəkkür edirəm, voleybolu sevənlərə, xalqımıza can sağlığı arzulayıram”.

Ş.Alışanova bu bayramın Azərbaycanda da qeyd olunmasına sevindiyini bildirib: “Qürurverici haldır ki, ölkə başçısı İlham Əliyev idmana qayğı göstərir, voleybolu sevir, bizə dəstək olur. Voleybolçular adından Cənab Prezidentə, Azəırbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanova təşəkkürümüzü bildiririk. Eyni zamanda, Azərbaycan voleybolunu dünyada tanıdan, hamıya sevdirən Faiq Qarayevə minnətdarlığımızı bildiririk. Sağ olun ki, bizə voleybolu öyrədir və sevdirirsiniz”.

Daha sonra V.Məhərrəmli voleybolçuları və bu idmanı sevənləri təbrik edərək, musiqi proqramı ilə çıxış edib.

Proqram başa çatdıqdan sonra istedadlı voleybolçuların seçimi olub.

Qeyd edək ki, Avropada bu gün ilk dəfə 2016-ci ildə qeyd edilib. Həmin gün CEV-in tərkibində olan federasiyalar müxtəlif tədbirlər, peşəkar, həvəskar voleybolçular üçün matçlar keçirib və ən maraqlısı isə keçirilən matçlarda setlər günün şərəfinə 25-dən yox, 29 xaldan hesablanıb.

ŞƏRH YAZ

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin